menu Daxil ol Hesab aç
Kurslar
English Pусский

Şərtlər və Qaydalar

Hazırki İstifadə Şərtləri ("Şərtlər") 10 mart, 2020-ci ildə hazırlanmışdır.

“ALISHOVS EDUCATION” MMC-nin (bundan sonra “TapÖyrən” adlandırılacaq) missiyası TapÖyrən veb platformasında istifadəçilərin öyrənmələrini təmin etməklə onların həyatını yaxşılaşdırmaqdır. Biz təlimatçılara kursların hazırlanması ilə şirkətlə əməkdaşlıq etməyə və istifadəçilərə (tələbələrə) bu təhsil kurslarında öyrənmək üçün qeydiyyatdan keçməyə imkan yaradırıq. Biz istifadəçilərə dəyərli təhsil məzmununu təqdim etmək üçün öz bazar modelimizi ən səmərəli üsul hesab edirik. Sizin, özümüzün, tələbələrimiz və təlimatçı komandamız üçün hazırlanmış olan bu platformanın və xidmətlərimizin təhlükəsizliyinin qorunub saxlanılmasında ,əlbəttə ki, müəyyən qaydalar lazımdır. Hazırki Şərtlər TapÖyrən veb səhifəsində, API-larımızda və digər əlaqəli xidmətlərdə (bundan sonra “Xidmətlər” adlandırılacaq) sizin bütün fəaliyyətlərinizə şamil ediləcək.

1. Hesablar

Platformamızdakı bir çox fəaliyyətlər üçün sizin hesabınız olmalıdır. Şifrənizi etibarlı yerdə saxlayın, çünki hesabınızla bağlı bütün əməliyyatlar üçün siz məsuliyyət daşıyırsınız. Şifrənizin digər şəxs tərəfindən istifadə olunmasından şübhələndikdə, dərhal bizim Dəstək Komandamızla əlaqə saxlayın.

Platformamızdakı bir çox fəaliyyətlər, o cümlədən, kursu almaq və qeydiyyatdan keçmək üçün sizin hesabınız olmalıdır. Hesabınızı yaradarkən e-poçt ünvanınız da daxil olmaqla, özünüz haqqında məlumatları tam və düzgün daxil etməlisiniz. Hesabınıza, hesabınızla apardığınız bütün əməliyyatlara, eləcə də sizin icazəniz olmadan hesabınızdan istifadə etməklə digər şəxsin vurduğu hər hansı zərərə görə (bizə və ya hər hansı şəxsə) siz tam məsuliyyət daşıyırsınız. Bu o deməkdir ki, siz şifrənizlə ehtiyatlı olmalısınız. Siz hesabınızı başqasına verə və ya başqasının hesabından istifadə edə bilməzsiniz. Siz hesabınıza daxil olmaq üçün bizə müraciət etdikdə, bu hesab üçün təsdiqləyici giriş məlumatları təqdim etməyincə, biz sizi bu cür giriş imkanı ilə təmin edə bilmərik. İstifadəçi vəfat etdiyi təqdirdə, həmin istifadəçinin hesabı bağlanacaq.

Əgər siz hesabınızın giriş məlumatlarını başqası ilə paylaşsanız, hesabınızla bağlı baş verən hallara görə siz məsuliyyət daşıyırsınız və “TapÖyrən”hesablarının giriş məlumatlarını paylaşan tələbələr və ya təlimatçılar arasında yaranan mübahisələrə müdaxilə etməyəcək. Hesabınızın digər şəxs tərəfindən istifadə olunduğunu öyrəndikdə (və ya hər hansı təhlükəsizliyin pozulmasından şübhələndikdə), dərhal bizim Dəstək Komandamıza məlumat verin. Biz hesabınızın həqiqi sahibi olduğunuzu təsdiqləməyiniz üçün sizdən bəzi məlumatlar tələb edə bilərik.

2. Kursa qeydiyyat və istifadə müddəti

Kursdan qeydiyyatdan keçərkən kursu TapÖyrənXidmətləri vasitəsilə görüntüləmək və onu başqa məqsədlər üçün istifadə etməmək üçün sizə tərəfimizdən lisenziya təqdim olunur. Kursları hər hansı bir yolla başqasına ötürə və ya təkrar sata bilməzsiniz. Kursun qeydiyyat səhifəsində sizin seçdiyiniz paketin növündən asılı olaraq biz sizə müəyyən müddət üçün giriş lisenziyası veririk (hüquqi və ya siyasi səbəblərdən tərəfimizdən hesabınızın dayandırılması halları istisna olmaqla).

Bizim Təlimatçı Müqaviləmizə əsasən, tapoyren.com saytındakı bütün kursların mülkiyyət hüquqları TapÖyrən-ə məxsusdur və şirkət tələbələri paketdə seçilmiş müddət üçün kursa giriş lisenziyası ilə təmin edə bilər. Bir tələbə kimi, siz qeydiyyatdan keçərkən ödənişsiz və ya ödənişli olmasından asılı olmayaraq, kursu TapÖyrən platforması və Xidmətləri vasitəsilə görüntüləmək üçün TapÖyrən-dən lisenziya alırsınız. Kurslar lisenziyalaşdırılır, sizə satılmır. Bu lisenziya sizə istənilən yolla kursu təkrar satmaq hüququ vermir (alıcı ilə hesab məlumatlarının paylaşılması və ya qanunsuz şəkildə kurs materiallarının endirilməsi və torrent səhifələrdə və ya hər hansı səhifədə paylaşılması daxil olmaqla).

Hüquqi dillə desək, bu Şərtlərə və xüsusi kurslarla və ya Xidmətlərimizin imkanları ilə əlaqədar hər hansı şərtlərə və ya məhdudiyyətlərə əsasən, Xidmətlər vasitəsilə təkcə sizin şəxsi, qeyri-kommersial, təhsil məqsədləriniz üçün bütün lazımi xərcləri ödədiyiniz kurslara və əlaqəli məzmuna giriş əldə etmək və onları görüntüləmək üçün TapÖyrən sizə (bir tələbə kimi) məhdudlaşdırılmış, qeyri-ekskluziv, köçürülməyən lisenziya verir. Digər məqsədlər üçün istifadəsi açıq şəkildə qadağandır. Sizə TapÖyrən-in səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış yazılı razılaşmada açıq icazə verilmədikcə, siz kursları təkrar hazırlaya, təkrar paylaşa, göndərə, təyin edə, sata, yayımlaya, icarəyə verə, paylaya, dəyişdirə, uyğunlaşdıra, redaktə edə, kursdan törəmə məhsullar hazırlaya, kursa sub-lisenziya verə və ya kursu digər məqsədlər üçün ötürə və ya kursdan digər məqsədlər üçün istifadə edə bilməzsiniz. Bu, həmçinin bizim API-larımız vasitəsilə giriş imkanı əldə edə biləcəyiniz məzmuna da şamil edilir.

Biz ümumiyyətlə tələbələrimiz kurs üçün qeydiyyatdan keçərkən onlara müddətli giriş lisenziyası veririk. Bu müddət siz kursdan qeydiyyatdan keçdikdə seçmiş olduğunuz paketə görə müəyyən edilir. Bununla birlikdə, bizim qanuni və ya siyasi səbəblərdən kursa girişi dayandırmaq qərarına gəldiyimiz və ya dayandırmağa məcbur olduğumuz hallarda, məsələn, əgər qeydiyyatdan keçdiyiniz kurs müəlliflik hüququna dair şikayət obyektidirsə və ya tərəfimizdən kursun məzmununun Etimad və Təhlükəsizlik Təlimatlarını pozduğu müəyyən edilərsə, istənilən vaxt kurslara daxil olmaq və kursdan istifadə etmək üçün lisenziyanı ləğv etmək hüququmuz var.

3. Ödəmələr, kreditlər və geri ödənişlər

Siz ödəniş edərkən etibarlı ödəmə metodundan istifadə etməyə razılaşırsınız. Əgər kursdan məmnun qalmasanız, şirkət sizə geri ödəniş və ya kredit üçün paket üzrə müəyyən bir müddət təklif edir.

3.1. Paketlər

Qiymətlər, şərtlər və xidmətlər qeydiyyat səhifəsində şirkət tərəfindən təmin edilən paketlərin içərisində müəyyən edilir.

Biz kurslarımız üçün mütəmadi olaraq, kampaniyalar və endirimlər edirik və bəzi kurslar endirimli qiymətlərlə yalnız müəyyən müddət üçün mövcuddur. Kurs üçün tətbiq olunan qiymət sizin kursu aldığınız zaman ödədiyiniz qiymət olacaq. Siz hesabınıza daxil olarkən müəyyən bir kurs üçün təklif olunan hər hansı bir qiymət qeydiyyatdan keçməyən və ya hesabına daxil olmayan istifadəçilərə mövcud olan qiymətdən fərqli ola bilər, çünki bizim bəzi kampaniyalarımızyalnız yeni istifadəçilər üçün mövcuddur.

 

Əgər siz istifadə və satış vergisinin, mal və xidmət vergisinin və ya ƏDV-nin istehlak satışına tətbiq olunduğu ölkədə yaşayırsınızsa, biz tranzaksiya ölkəsində bu cür vergini vergi orqanlarına toplamaq və göndərmək üçün məsuliyyət daşımırıq. Müəyyən ölkələrdə gördüyünüz qiymətə bu cür vergilər daxil ola bilər.

3.2. Ödəmələr

Siz satın aldığınız kurslar üçün ödəniş etməyə razılaşır və bu ödənişlər üçün bizə sizin debit və ya kredit kartınızdan ödənişləri tutmağa və ya digər ödəmə vasitələrini emal etməyə icazə verirsiniz. Şirkət ölkənizdə sizə ən rahat ödəmə metodlarını təklif etmək və sizin ödəniş məlumatlarınızı təhlükəsiz saxlamaq üçün üçüncü tərəf ödəniş emalı tərəfdaşları ilə işləyir.

Siz kursu aldığınız zaman yanlış və ya qeyri-qanuni ödəmə metodundan istifadə etməyəcəyinizə razılaşırsınız. Əgər ödəmə metodunuz baş tutmasa və sizin hələ də qeydiyyatdan keçdiyiniz kursa giriş imkanınız varsa, siz bizdən bildiriş verildikdən on dörd (14) gün ərzində müvafiq ödənişləri bizə ödəməyə razılaşırsınız. Bizim müvafiq ödənişləri almadığımız hər hansı kursa girişi ləğv etmək hüququmuz var.

Bəzi hallarda sizin hesabınıza balans kreditləri verə bilərik. Bu kreditlər avtomatik olaraq bizim veb səhifəmizdə sizin növbəti alacağınız kursa tətbiq ediləcək, lakin mobil tətbiqetməmizdə olan alışlar üçün istifadə oluna bilməz. Müəyyən müddət ərzində istifadə olunmasa, kreditlərin vaxtı bitir və onun pul dəyəri yoxdur.

3.3. Geri ödənişlər və kreditlər

Əgər aldığınız kurs gözləntilərinizə cavab verməsə, seçdiyiniz kursun paketində müəyyən edilən müddət ərzində siz TapÖyrən-dən krediti/ödənişi hesabınıza geri tələb edə bilərsiniz. Bizim ödənişin emalı tərəfdaşlarımızdan və ya kursu aldığınız platformadan (veb səhifə, mobil telefon və ya TV tətbiqetməsi) asılı olaraq, öz istəyimizlə krediti və ya ödənişi tətbiq etmək hüququmuz var. Əgər siz tələbi seçdiyiniz paketin içərisində göstərilən müəyyən müddət bitdikdən sonra etmisinizsə, kredit və ya ödəniş sizə qaytarılmır.

Krediti və ya ödənişi tələb etmək üçün TapÖyrən ilə əlaqə saxlayın.

Əgər biz sizin kredit və ya geri ödəniş siyasətimizdən sui-istifadə etdiyinizi bilsək, bizim öz istəyimizlə, hesabınıza qadağa qoymaq və sizin Xidmətlərdən gələcəkdə istifadənizi məhdudlaşdırmaq hüququmuz var. Əgər bu Etimad və Təhlükəsizlik Təlimatlarını pozduğunuza görə sizin kursa girşinizə qadağa qoysaq və ya məhdudlaşdırsaq, siz hər hansı krediti və ya ödənişi ala bilməyəcəksiniz.

4. Məzmun və davranış qaydaları

Siz TapÖyrən-i yalnız hüquqi məqsədlər üçün istifadə edə bilərsiniz. Bizim platformamızda dərc etdiyiniz bütün məzmunlara görə siz məsuliyyət daşıyırsınız. Siz rəyləri, sualları, postları və yüklədiyiniz digər məzmunları qanuna uyğun olaraq saxlamalı və başqalarının əqli mülkiyyət hüquqlarına hörmət etməlisiniz. Təkrarladığınız və ya böyük qanun pozuntularına görə biz sizin hesabınıza qadağa qoya bilərik. Əgər platformamızda kiminsə sizin müəlliflik hüququnuzu pozduğunu düşünürsünüzsə, bizə məlumat verin.

Siz qeyri-qanuni məqsədlər üçün Xidmətlərə giriş əldə edə və ya onları istifadə edə və ya hesab yarada bilməzsiniz. Sizin Xidmətlərdən istifadəniz və bizim platformamızdakı davranışınız yerli və ya milli qanunlara və ya ölkəmizin qaydalarına uyğun gəlməlidir. Sizə tətbiq olunan bu cür qanun və qaydaları bilmək və onlara əməl etmək üçün yalnız siz məsuliyyət daşıyırsınız.

Əgər tələbəsinizsə, Xidmətlər sizə qeydiyyatdan keçdiyiniz kursların təlimatçılarına sual vermək və kursla bağlı rəyləri dərc etmək imkanı yaradır. Müəyyən kurslar üçün təlimatçı sizi “ev tapşırığı” və ya testlər kimi məzmunu təqdim etməyə dəvət edir. Sizə məxsus olmayan heç bir şeyi dərc etməyin və göndərməyin.

Əgər sizin məzmununuzun başqalarının qanun və ya hüquqlarını pozması barədə bizə məlumat verilərsə (məsələn, məzmununuzun başqalarının əqli mülkiyyətini və ya ictimai hüquqlarını pozduğu və ya qeyri-qanuni olduğu məlum olarsa) və ya əgər biz sizin məzmununuzun və ya davranışınızın başqa istifadəçilərin hüquqlarını pozduğunu öyrənsək və ya əgər biz sizin məzmununuzun və ya davranışınızın qeyri-qanuni, uyğunsuz və ya xoşagəlməz olduğunu güman etsək (məsələn, siz başqasını təqlid etsəniz), biz sizin məzmununuzu platformamızdan silə bilərik. Şirkət müəlliflik hüquqlarına riayət edir.

Şirkətin bu Şərtləri və bizim Etimad və Təhlükəsizlik Təlimatlarımızı tətbiq etmək hüququ var. Biz istənilən vaxt xəbərdarlıq edərək və ya etməyərək bu Şərtlərin pozulmasına görə, sizin ödənişləri vaxtında ödəyə bilməmənizə görə, hüquq-mühafizə orqanlarının və ya dövlət orqanlarının tələbi ilə, uzun müddətli hərəkətsizliyə və ya gözlənilməz texniki məsələlərə və ya problemlərə görə və ya biz sizin saxta və ya qeyri-qanuni fəaliyyətlə məşğul olduğunuzdan şübhələndikdə, sizin platformamızdan və Xidmətlərimizdən istifadə etmək üçün icazənizi ləğv edə və ya dayandıra və ya hesabınıza qadağa qoya bilərik. Bu cür dayandırmadan sonra biz sizin hesabınızı və məzmununuzu silə və sizin platformamıza daxil olmağınızın və Xidmətlərimizdən istifadə etməyinizin qarşısını ala bilərik. Hesabınız ləğv olunduqda və ya dayandırıldıqda belə, sizin məzmununuz hələ də platformalarda mövcud ola bilər. Siz razılaşırsınız ki, biz hesabınızın ləğv olunmasına, məzmununuzun silinməsinə və ya bizim platforma və Xidmətlərimizə girişinizin bloklanmasına görə sizin və ya üçüncü tərəfin qarşısında məsuliyyət daşımırıq.

Əgər təlimatçılarımızdan biri sizin müəlliflik hüququnuzu və ya ticarət nişanı hüququnuzu pozacaq hər hansı bir kursu yayımlasa, bizə məlumat verin.

5. TapÖyrən-dən öz riskinizlə istifadə

TapÖyrən-dən hər kəs istifadə edə bilər və biz öyrətmək və öyrənmək üçün təlimatçılara və tələbələrə qarşılıqlı əlaqə yaratmağa imkan veririk. İnsanların məzmunu dərc etdikləri və qarşılıqlı əlaqə yaratdıqları digər platformalarda olduğu kimi burada da bəzi məqamlarda xəta ola bilər. Siz TapÖyrən-dən öz riskinizlə istifadə edirsiniz.

Tələbə və ya təlimatçı ilə birbaşa qarşılıqlı əlaqədə olarkən, paylaşdığınız şəxsi məlumatın növü ilə ehtiyatlı olmalısınız. Biz tələbə və təlimatçıların platformada başqa istifadəçilərdən əldə etdiyi məlumatlarla nə etdiklərinə nəzarət etmirik. Təhlükəsizliyiniz üçün e-poçt və ya digər şəxsi məlumatlarınızı paylaşmamalısınız.

Biz təlimatçıları işə götürmürük və təlimatçı və tələbə arasında baş verən hər hansı qarşılıqlı əlaqəyə görə də məsuliyyət daşımırıq. Biz təlimatçı və tələbələrin davranışlarından yaranan və ya davranışları ilə əlaqəli mübahisələrə, iddialara, itkilərə, xəsarətlərə və ya zərərlərə görə cavabdeh deyilik.

Siz bizim Xidmətlərimizdən istifadə edərkən, bizə məxsus olmayan və ya bizim idarə etmədiyimiz digər veb səhifələrin keçidlərini görə bilərsiniz. Biz həmin üçüncü tərəf saytların məzmununa və ya digər xüsusiyyətlərinə görə, eləcə də, onların sizin haqqınızda bilgilər toplamasına görə cavabdeh deyilik. Siz, həmçinin onların da şərtlərini və məxfilik siyasətini oxumalısınız.

6. TapÖyrən-nin hüquqları

Biz TapÖyrən-nin platformasına və Xidmətlərə, həmçinin veb səhifəyə, indiki və gələcək tətbiqetmələrə və xidmətlərə, loqoya, API-ya, koda və işçilərimiz tərəfindən yaradılan məzmunlara sahibik. Siz bunları saxtalaşdıra və ya icazəsiz istifadə edə bilməzsiniz.

Veb səhifəmiz, indiki və gələcək tətbiqetmələrimiz, API-larımız, məlumat bazalarımız və işçilərimizin və ya tərəfdaşlarımızın Xidmətlərimiz vasitəsilə təqdim və ya təmin etdiyi məzmunlar daxil olmaqla (lakin təlimatçılar və tələbələr tərəfindən təmin edilən məzmunlar istisna olmaqla) TapÖyrən platformasına və Xidmətlərə aid bütün hüquqlar, vəzifələr və maraqlar TapÖyrən-nin və onun lisenziarlarının müstəsna mülkiyyətidir və belə də qalacaq. Bizim platforma və xidmətlərimiz müəlliflik hüququ, ticarət nişanları və həm Azərbaycan Respublikasının, həm də xarici dövlətlərin qanunları ilə qorunur. Heç nə sizə TapÖyrən-nin adından və ya TapÖyrən-nin ticarət nişanlarından, loqolarından, domen adlarından və digər fərqləndirici brend xüsusiyyətlərindən istifadə etmək hüququ vermir. TapÖyrən və Xidmətlərlə bağlı verə biləcəyiniz hər hansı irad, rəy və ya təkliflər tamamilə könüllüdür və biz sizin üçün uyğun gördüyümüz və sizə heç bir öhdəlik qoymadan bu cür iradları, rəyləri və ya təklifləri istifadə edə bilərik.

Siz TapÖyrən platformasına və Xidmətlərə daxil olarkən və bunlardan istifadə edərkən aşağıdakıları edə bilməzsiniz:

 

7. Müxtəlif hüquqi şərtlər

Bu Şərtlər istənilən digər müqavilə kimidir və bu Şərtlərin bizi baş verə biləcək saysız hadisələrdən qoruyan və bizimlə sizin aranızda hüquqi münasibətlərə aydınlıq gətirən vacib hüquqi aspektləri var.

7.1. İcbari müqavilə

Xidmətlərimiz üçün qeydiyyatdan keçərək, giriş imkanı əldə edərək və ya Xidmətlərdən istifadə edərək siz TapÖyrən ilə hüquqi icbari müqavilə bağlamağa razılıq verirsiniz. Əgər bu Şərtlərlə razılaşmasanız, Xidmətlərimiz üçün qeydiyyatdan keçməyin, Xidmətlərə daxil olmayın və ya Xidmətlərdən istifadə etməyin.

Bu Şərtlərin Azərbaycan dilindən başqa, digər dildə də nüsxəsi təmin edilir və siz başa düşür və razılaşırsınız ki, bu nüsxələr arasında ziddiyyət yaranarsa, Azərbaycan dilində olan nüsxəyə üstünlük veriləcək.

Bu Şərtlər (bu Şərtlərlə əlaqəli hər hansı müqavilə və siyasət daxil olmaqla) sizinlə bizim aramızda tam müqaviləni təşkil edir.

Bu Şərtlərin hər hansı bir hissəsi müvafiq qanunla etibarsız və ya qeyri-qanuni hesab edilərsə, o zaman bu müddəa orijinal müddəanın niyyətinə daha çox uyğun gələn etibarlı və qüvvədə olan başqa bir müddəa ilə əvəz ediləcək və bu Şərtlərin qalan hissəsi qüvvədə qalmaqda davam edəcək.

Biz öz hüquqlarımızı tətbiq etməkdə geciksək və ya müəyyən situasiyada bir hüququmuzu tətbiq edə bilməsək, bu, bizim bu Şərtlər əsasında hüquqlarımızdan imtina etdiyimiz anlamına gəlmir və biz bu hüquqları gələcəkdə tətbiq edəcəyik. Əgər biz müəyyən bir halda hər hansı hüququmuzdan imtina etməyi qərara alsaq, bu, bizim ümumilikdə və ya gələcəkdə hüquqlarımızdan imtina etdiyimiz anlamına gəlmir.

Aşağıdakı bölmələr bu Şərtlərin vaxtı bitdikdə və ya bu Şərtlərə xitam verildikdə belə, qüvvədə qalacaq: Bölmə 2 (Kursa qeydiyyat və istifadə müddəti), Bölmə 5 (TapÖyrən-dən öz riskinizlə istifadə), Bölmə 6 (TapÖyrən-in hüquqları), Bölmə 7 (Müxtəlif hüquqi şərtlər), Bölmə 8 (Tənzimləyici qanunlar və mübahisələrin həlli) və Bölmə 9 (Hazırki Şərtlərin yenilənməsi).

7.2. İmtina

Platformamız planlaşdırılmış təmirə və ya saytda baş verən hər hansı problemə görə işləməyə və ya təlimatçılarımızdan biri kursda yanlış məlumat verə bilər və ya biz təhlükəsizlik problemləri ilə qarşılaşa bilərik. Bunlar sadəcə nümunələrdir. Siz bu kimi hallarla qarşılaşdıqda bizə qarşı hər hansı iddia qaldırmayacağınızı qəbul edirsiniz. Hüquqi dillə desək, Xidmətlər və onların məzmunu “olduğu kimi” və “mövcud olduğu kimi” təmin edilir. Biz (və bizim filiallarımız, təchizatçılarımız, tərəfdaşlarımız və nümayəndələrimiz) Xidmətlərin və onların məzmununun uyğunluğu, etibarlılığı, mövcudluğu, dəqiqliyi, təhlükəsizliyi, xətalarının olmaması və ya düzgünlüyü barədə təminat və ya zəmanət vermirik və açıq şəkildə zəmanətdən və ya şərtlərdən (ifadə edilən və ya nəzərdə tutulan), həmçinin kommersiya dəyərinin nəzərdə tutulmuş zəmanətindən, müvafiq məqsədə uyğunluqdan, titul və ya hüquqların pozulmamasından imtina edirik. Biz (və bizim filiallarımız, təchizatçılarımız, tərəfdaşlarımız və nümayəndələrimiz) sizin Xidmətlərdən istifadə etməklə müəyyən nəticələr əldə edəcəyinizə dair zəmanət vermirik. Sizin Xidmətlərdən (məzmun da daxil olmaqla) istifadə etməyiniz tamamilə öz riskinizdir. Bəzi yurisdiksiyalar nəzərdə tutulan zəmanətlərin istisna edilməsinə icazə vermədiyindən, yuxarıdakı istisnaların bəziləri sizə tətbiq olunmaya bilər.

Biz Xidmətlərin müəyyən imkanlarının mövcudluğunu istənilən vaxt və istənilən səbəbdən dayndıra bilərik. Bu cür dayandırılmaların və ya bu cür imkanların mövcud olmamasının səbəb olduğu hər hansı zərərə görə TapÖyrən və ya onun filialları, təchizatçıları, tərəfdaşları və ya nümayəndələri heç bir halda məsuliyyət daşımır.

Biz müharibə, hərbi əməliyyatlar və ya sabotaj, təbii fəlakətlər, elektrik, internet və ya telekommunikasiya kəsilmələri və ya hökumət məhdudiyyətləri kimi bizdən asılı olmayan hadisələrin səbəb olduğu Xidmətlərin yerinə yetirilməsinin gecikməsinə və ya yerinə yetirilməməsinə görə məsuliyyət daşımırıq.

7.3. Öhdəliyin məhdudlaşdırılması

Xidmətlərimizdən istifadə edilməsi ilə bağlı bəzi risklər mövcuddur (məsələn, yoqa kimi sağlamlıq kursuna yazılmaq və özünə zərər vermək). Bizim platforma və Xidmətlərimizdən istifadə etməkdən zərər və ya ziyan görsəniz belə, siz bu riskləri tam qəbul edir və təzminat tələb etmək üçün müraciət etməyəcəyinizə dair razılıq verirsiniz. Hüquqi dillə desək, qanunla icazə verilən dərəcədə və hətta bizə zərərlərin mümkünlüyü barədə əvvəlcədən tövsiyə verilsə belə, biz (və bizim qrup şirkətlərimiz, təchizatçılarımız, tərəfdaşlarımız və nümayəndələrimiz) müqavilədən, zəmanətdən, qanun pozuntusundan, məhsul öhdəliyindən və ya digər səbəblərdən yaranan hər hansı dolayı, təsadüfi, cəzalandırıcı və ya ardıcıl itkilərə görə (məlumatların, gəlirlərin, mənfəətin və ya biznes imkanlarının itkisi və ya şəxsi zədələlər və ya ölüm halları daxil olmaqla) cavabdeh deyilik. İstənilən vəziyyətdə bizim sizin və ya hər hansı üçüncü tərəf qarşısındakı öhdəliyimiz (və bizim qrup şirkətlərimizin, təchizatçılarımızın, tərəfdaşlarımızın və nümayəndələrimizin hər birinin öhdəliyi) yüz dollardan (100$) daha çox məbləğlə və ya iddialarınıza səbəb olan hadisədən on iki (12) ay əvvəl bizə ödədiyiniz məbləğlə məhdudlaşır.

7.4. Təzminat

Əgər bizə hüquqi çətinliklər yaradacaq tərzdə davransanız, biz sizə qarşı hüquqi tədbirlər görə bilərik. Siz (a) dərc etdiyiniz və ya göndərdiyiniz məzmundan, (b) Xidmətlərdən istifadə etməyinizdən, (c) bu Şərtləri pozmağınızdan və ya (d) üçüncü tərəfin hüquqlarını pozmağınızdan yaranan hər hansı üçüncü tərəf iddialardan, tələblərdən, itkilərdən, zərərlərdən və ya xərclərdən (müvafiq vəkil haqları daxil olmaqla) şirkəti, bizim qrup şirkətlərimizi və onların məsul şəxslərini, direktorlarını, təchizatçılarını, tərəfdaşlarını və nümayəndələrini müdafiə edəcəyinizə, zərərdən məsul tutmayacağınıza və təzminat ödəyəcəyinizə (əgər biz belə tələb etsək) razılıq verirsiniz. Sizin təzminat öhdəliyiniz bu Şərtlərin və sizin Xidmətlərdən istifadənizin ləğv edilməsinin qarşısını alacaq.

7.5. Hüquqi iddialar və bildirişlər

Formasından asılı olmayaraq hazırki Müqavilədən irəli gələn və ya hazırki Müqavilə ilə əlaqəli heç bir hüquqi iddia, bu iddianın səbəbinin yaranmasından bir (1) il keçdikdən sonra hər hansı Tərəf tərəfindən təqdim oluna bilməz.

Bununla bağlı verilən hər hansı bildiriş və ya məlumat yazılı formada olacaq və qeydə alınmış və ya təsdiqlənmiş poçtla və ya e-məktubla göndəriləcək (biz tərəfdən hesabınızla əlaqəli e-poçtunuza və ya siz tərəfdən [email protected] ünvanına).

7.6. Bizim aramızdakı əlaqə

Siz və biz aramızda heç bir birgə müəssisənin, tərəfdaşlığın, məşğuliyyətin, podratçının və ya nümayəndəliyin olmamasına razılaşırıq.

7.7. Şərtlərin təyin edilməməsi

Siz bu Şərtləri (və ya bu Şərtlərin verdiyi hüquqları və lisenziyaları) təyin edə və ya ötürə bilməzsiniz. Məsələn, əgər siz hər hansı bir şirkətin işçisi kimi hesab açsanız, sizin hesabınız başqa bir işçiyə ötürülə bilməz. Biz bu Şərtləri (və ya bu Şərtlərin verdiyi hüquqları və lisenziyaları) başqa bir şirkətə və ya şəxsə heç bir məhdudiyyət olmadan təyin edə bilərik. Bu Şərtlərdə heç bir müddəa istənilən üçüncü tərəfə hüquq, fayda və ya qorunma vasitəsi vermir. Siz hesabınızın ötürülməyəcəyi və hesabınızla bağlı bütün hüquqların və bu Şərtlər əsasında digər hüquqların sizin vəfatınızdan sonra ləğv olunacağı ilə razılaşırsınız.

8. Tənzimləyici qanunlar və mübahisələrin həlli

Qanunların ziddiyyət prinsiplərinə baxmayaraq, bu Şərtlər Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Mübahisə yarandığı təqdirdə bizim Dəstək Komandamız mübahisələrin həllində kömək edəcək. Bizim Dəstək Komandamız bir çox mübahisələri həll edə bilər. Buna görə rəsmi hüquqi prosedura başlamazdan əvvəl Dəstək Komandamıza müraciət edin. Əgər Dəstək Komandamız mübahisəni həll edə bilməsə, o zaman siz və biz Azərbaycan Respublikasının müstəsna yurisdiksiyasına və dövlət məhkəmələrinin ərazi yurisdiksiyasına müraciət etməyə razılaşırıq.

8.1. Dəyişikliklər

Aşağıdakı “Şərtlərin yenilənməsi” bölməsinə baxmayaraq, siz bu Şərtlərə son dəyişiklikləri qəbul etdiyiniz tarixdən sonra şirkət “Mübahisələrin həlli” bölməsini dəyişərsə, yuxarıdakı “sonuncu yenilənmə” tarixini göstərərək siz bu cür dəyişikliyin qüvvəyə mindiyi 30 gün ərzində poçt və ya əllə təslim yolu ilə (kimə: “ALISHOVS EDUCATION” MMC, ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a, m.21) və ya hesabınızla əlaqəli e-poçt ünvanınızdan (kimə: [email protected]) etiraz barədə şirkətə yazılı bildiriş göndərməklə bu cür dəyişiklikdən imtina edə bilərsiniz. Effektiv olması üçün bildirişdə sizin ad, soyadınız və ata adınız olmalı və sizin “Mübahisələrin həlli” bölməsinə olan etirazınızı açıq şəkildə göstərməlidir. Dəyişikliklərə etiraz etməklə razılaşırsınız ki, bu Şərtləri qəbul etdiyiniz son tarixdən etibarən siz “Mübahisələrin həlli” bölməsinin müddəalarına əsasən sizinlə TapÖyrən arasındakı mübahisələrin həlli üçün arbitraj məhkəməsinə müraciət edəcəksiniz.

9. Hazırki Şərtlərin yenilənməsi

Biz zaman-zaman öz təcrübələrimizi müəyyənləşdirmək və ya yeni və ya fərqli təcrübələri əks etdirmək üçün (məsələn, biz yeni imkanları əlavə etdikdə) bu Şərtləri yeniləyə bilərik və TapÖyrən öz istəyi ilə hər an bu Şərtləri dəyişmək və ya bu Şərtlərə dəyişiklik etmək hüququna sahibdir. Əgər biz dəyişiklik etsək, sizdən yenilənmiş Şərtlərlə razılaşıb-razılaşmamağınız barədə soruşaraq sizə xəbər verəcəyik. Dəyişikliklər sizin qəbul etdiyiniz gündən qüvvəyə minəcək.